Məlumat
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi haqqında
M Ə L U M A T
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs (bundan sonra - DƏDKR) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 09 fevral 2024-cü il tarixli 229-VI FR nömrəli Fərmanı ilə Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlakla bağlı inventarlaşdırma işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərir.
DƏDKR-in strukturuna aparatı, şəhər və rayon şöbələri daxildir. DƏDKR-in tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərir.
DƏDKR öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) normativ hüquqi aktlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin və Xidmət rəisinin əmr və sərəncamlarını rəhbər tutur.
DƏDKR öz vəzifələrini və hüquqlarını Naxçıvan Muxtar Respublikasının ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir.
DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:
- dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
- daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və bununla bağlı texniki sənədləri tərtib etmək;
- dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək;
- ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək;
- yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək;
- torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;
- ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq;
- daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək;
Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.